Ana Səhifə Ailə və Uşaq Təlim-Tərbiyə Mənəviyyat Ailə sağlığı
   | haqqımızda | əlaqə   
   

  Televiziyada şiddət


Televiziyanın şiddətə təsiri varmı? Varsa, hansı tədbirlər görülməlidir?

 

 Şiddət müasir dövrün ən çox narahatlıq doğuran problemlərindən biridir. Əgər bir hadisəyə “problemdir” deyiriksə, deməli, həmin məsələ artıq xeyli yayılmış, həyatımızın, məişətimizin bir parçasına çevrilmişdir, ya da çevrilmək üzrədir.

İnsanlararası münasibətlərdə şiddətin hakim rolu ələ keçirməsinin səbəbləri çoxdur, amma uşaqların bu təsir altına düşməsinə ən çox təsir edən televiziyadır. Daha çox seyrci ələ keçirmək, çox reklam toplamaq məqsədi ilə televiziya və kinofilm istehsalçılarının məşhurlaşmaları, “ulduz”a çevrilmələri bizim uşaqlarımızın bizim deyil, onların istəyinə görə şəkillənmələrinə səbəb olur. Dövrümüzdə televiziya kanallarının ticari gəlir əldə etmə məntiqi, qazanc əldə etmə hərisliyi, reytinq qayğısı cəmiyyəti məlumatlandırma və tərbiyə etmə vəzifəsinin önünə keçmişdir. Uşaqlar televiziya kanalları üçün qazanc mənbəyi olduğu müddətcə də bu cür cizgi filmi bolluğu davam edəcək. Bunun qarşısını ancaq ailələrin həssaslığı ala bilər.

Televiziya özünün ən təxribatçı rolunu təsir altında qalmağa ən münasib olan uşaqlar və gənclər üzərində göstərir. Televiziya kanalları reytinq qazanma uğrunda mübarizədə şiddət dolu filmlərlə, cizgi filmləri ilə evlərimizə, qəlbimizə, ruhumuza hücum edir, böyük-kiçik demədən hamımızı öz təsiri altına salır. Nəticədə, şiddət ən çox formalaşmaqda olan övladlarımızın davranışlarına, sözlərinə, oyunlarına keçir. Uşaqlar bir qayda olaraq 3–4 yaşından başlayaraq 12–13 yaşına qədər gün ərzində 1–2 saat cizgi filmi seyr edirlər. Bununla yanaşı, uşaq və gənclərin yetkin yaşlılar üçün hazırlanan televiziya proqramlarını da seyr etdiklərini nəzərə alsaq, onların böyük şiddət təzyiqi altında qaldıqlarını müşahidə etmək çox da çətin olmayacaqdır. Aparılan bir çox tədqiqat nəticəsində də uşaqların təcavüzkar davranışlarının mənbəyində təqlidin dayandığı müəyyən edilmişdir.

Dünyada aparılan bütün tədqiqatlardan əldə edilən nəticə əsasən bundan ibarətdir ki,  şiddət məzmunu daşıyan filmləri seyr edən uşaqların oyunlarında eyni təqlidçilik özünü göstərir. Bu yaşdakı uşaqlar bəzən hətta özlərinə şiddət qəhrəmanı filmlərinin qəhrəmanlarının adlarını da seçir, özlərini onların adı ilə təqdim edirlər.

Tədqiqatlar göstərir ki, 5 yaşında bir uşaq hər gün müəyyən televiziya proqramları seyr edərək 15 yaşına çatanda 18 min cinsi zorakılıq, təcavüz, döyüş və işgəncə yolu öyrənmiş olur.Uşaqların və gənclərin bu proqramların təsiri altında düşdükləri onların problemlərlə qarşılaşarkən məhz seyr etdikləri filmlərdəki metodlara əl atırlar. Başqa sözlə, bu cür filmlər uşaqların gözə görünməyən müəllimləri rolu oynayırlar. Amma biz bunun fərqinə varmırıq. “Bu uşaq niyə belə oldu? Bunda əvvəllər belə xasiyyət yox idi...” kimi müəmmaların qaynağında televiziyanın olduğunu unuduruq.

Ailə olaraq görə biləcəyimiz iş, bəzi televiziya proqramlarını uşaqla birgə seyr etmək və seyr edilənləri tənqid etməkdən ibarət ola bilər. Beləliklə uşaqlarımızı seyr etdiklərinə tənqidi yanaşmağa təşviq etmiş olarıq. Lakin müşahidələr göstərir ki, valideyinlərin tənqidi münasibətləri çox vaxt uşaqlara daha çox mənfi təsir bağışlayır. Onlar valideyinlərinin tənqidi qeydlərini “müasir olmamaqla” izah edir və qəbul etmirlər. Bizcə yeganə çarə tənqid etmək deyil, gözəl olanı göstərmək, gözəl olana istiqamətləndirmək olar. Bundan başqa, zərərli olduğuna əmin olduğumuz televiziya proqramları barədə, əgər uşaq körpədirsə, başqa fəaliyyətlə məşğul etmək,yaşca böyükdürsə,    –izahat vermək daha doğru olar.

Bundan başqa, hər şeyi televiziyanın üzərinə atmaq və onu təkbaşına ittiham etmək də səhv olar. Televiziya ilə yanaşı, uşağın kompyuter arxasında nələrə maraq göstərdiyini də təqib etmək və məqsədəmüvafiq istiqamətə yönəltmək lazım gəlir. Bundan başqa, şiddət virusu uşağımızın ruhuna həmyaşıdları ilə oynadığı zaman, oyunlar, söhbətlər vasitəsi ilə də keçə bilir. Buna görə də ailə daxilində uşaqları tənqid edərək, danlayaraq özümüzdən uzaqlaşdırmamalıyıq, onları xoş sözlərlə özümüzə cəlb etməli, onlarda özümüzə inam hissi tərbiyə etməliyik. Yoxsa, uşaqlar bizdən uzaqlaşar, başqalarının təsiri altına düşər. Əgər uşağımızın problemləri ilə maraqlanır, onları dinləyir, başa düşməyə çalışırıqsa, bizim davranışlarımızın təsiri altına düşəcəklər, beləliklə də biz doğru davranışlar qazandıracağıq.

Uşağımıza vaxt ayırıb onu dinləsək, əyləncəli bir televiziya proqramını seyr etməkdən, evimizdəki bahalı əşyalar haqqında söhbətlərdən vaxt tapsaq, qonaqlarımızdan, ev işi və ev təmizliyindən daha əhəmiyyətli olan övlad tərbiyəsinə daha çox vaxt ayırsaq, problem olan məslələrimizin minimuma enəcəyinə inanırıq.

 

 

 

 

Orhan Aslan


     Televiziyada şiddət
     Su itkisinin qarşısını alaq
     Bədbəxtliyin də "geni" var
     Elm təsdiq etdi: Eşqin gözü kordur !
     Balıq yağının hamilə analara və ana bətnindəki körpələrə təsiri
     Qəlbin iki dərmanı: sevgi və dua
     Sarımsağı əksik etməyin

Copyright © CAG  2005-2007   |  www.cag.edu.az