Ana Səhifə Ailə və Uşaq Təlim-Tərbiyə Mənəviyyat Ailə sağlığı
   | haqqımızda | əlaqə   
   

  Peyğəmbərimizin (səs) övlad sevgisi


Uşaqlarına sevgi və şəfqət göstərənlər Allahıın rəhmət və sevgisini qazanırlar.

 

(əvvəli keçən sayımızda)

        Peyğəmbərimizin misilsiz şəfqətini qız uşaqları üzərində də görürük. İslamdan əvvəl qız uşaqlarının ərəblərin gözündə heç bir dəyəri yox idi. Qız atası olmaq bir eyib sayılardı. «Filankəsin qaynatası deməsinlər»,deyə qızlarını evləndirmək istəməz, diri-diri torpağa basdırardılar. Bu vəhşiliyi də dədə-babadan qalma bir adət kimi qəbul edər, tətbiq edərdilər.

Peyğəmbərimiz (səs) bu zavallı məsumların bu cür qəddarcasına öldürülmələrini böyük bir cinayət kimi görür, bu pis adətin dərhal ləğv edilməsi üçün mübarizə aparırdı. Özü qız atası olmaqla fəxr etdiyi kimi, üç, iki və ya bir qızı olub onları böyüdüb yetişdirənləri, İslami tərbiyə verənləri Cənnətlə müjdələyirdi.

Peyğəmbərimizin hüzuruna bir qız uşağı gələndə ona çox yaxın münasibət göstərirdi. Xalid bin Səid Peyğəmbərimizi (səs) ziyarətə gələndə yanında kiçik qızı da var idi. Həbəşistanda anadan olduğu üçün Peyğəmbərimiz ona daha çox mərhəmət və sevgi bəsləyirdi.

Onlar söhbət edərkən uşaq qalxdı, Peyğəmbərimizin (səs) kürəyində olan peyğəmbərlik möhürü ilə oynadı. Atası yanına çəkmək istədi, ancaq Allah Rəsulu (səs) uşağın qəlbinin qırılmaması üçün atasına  mane oldu.

Bir dəfə Peyğəmbərimizin əlinə işləməli bir qumaş parçası keçmişdi. Həz. Xalidin qızını çağırtdırdı və ona verdi, sevindirdi.

Cəmrə o zaman kiçik bir uşaq idi. Atası onu götürüb Peyğəmbərimizin hüzuruna apardı, dedi:

-Ya Rəsulullah, bu qızım üçün Allaha bərəkətlə dua edərsinizmi?

Peyğəmbərimiz Cəmrəni  qucağına  oturtdu, əlini başına qoydu və bərəkətlə dua buyurdu.

Uşaqlarına sevgi və şəfqət göstərənlərin mükafatı daha dünyada ikən verilirdi. Onlar həm uşağını sevmək kimi bir ləzzəti dadır, həm də Allahın rəhmət və sevgisini qazanırlar.

Əbu Hüreyrə rəvayət edir: «Bir gün bir adam Peyğəmbərimizin hüzuruna gəldi. Yanında da bir oğlan uşağı vardı. Adam ikidə bir uşağı qucağına alır və sevirdi. Peyğəmbərimiz soruşdu:

-Bu uşağa şəfqət göstərirsənmi?

-Bəli, ya Rəsulullah.

-Sən buna necə şəfqət göstərsən, Allah da sənin şəfqətindən daha çox şəfqət edər, deyə  Sevimli Peyğəmbərimiz izah etdi.»

Oğlan və qız uşaqları arasında ayrı-seçkilik edənləri Peyğəmbərimiz heç xoş qarşılamazdı. Bu cür davrananlara xəbərdarlıq edər, xətalarını düzəltmələrini istərdi. Onun gözündə uşağın oğlanı-qızı yox idi, hər ikisi də şəfqətə və sevgiyə möhtacdı.

Ənəs bin Malik rəvayət edir: «Peyğəmbərimizin yanında bir adam otururdu. Bir ara həmin adamın oğlu gəldi. Adam uşağı alıb dizləri üstündə oturtdu. Az sonra bir də qızı gəldi. Onu da yanına oturtdu. Peyğəmbərimiz ondan soruşdu: «Nə üçün ikisi ilə də eyni cür rəftar etmədin?»

Peyğəmbərimiz uşaqlar arasında sevgidə eyni davranılmasını istədiyi kimi, bir şey bağışlayarkən, hədiyyə edərkən də onlarla eyni cür rəftar edilməsini istərdi.

Numan bin Bəşir rəvayət edir: «Atam malından bəzi şeyləri hədiyyə etmişdi. Anam «Bu hədiyyəyə Peyğəmbərimizi şahid tutmazsan, qəbul etmərəm», dedi.

Buna görə də mənə etdiyi hədiyyəyə şahidlik etməsi üçün atam məni də götürüb Peyğəmbərimizin yanına apardı. Hadisəni öyrənən Peyğəmbərimiz (səs):

-Başqa uşaqların varmı?, deyə soruşdu.

Atam:

-Bəli, var, deyə cavab verdi.

-Bütün uşaqlarına eyni şəkildə hədiyyə etdinmi?, deyə Peyğəmbərimiz (səs) sual verdi.

Atam:

-Xeyir,-dedi.

-Allahdan qorxun, uşaqlarınız arasında fərq qoymayın.

Atam Peyğəmbərimizin hüzurundan çıxdıqdan sonra mənə etdiyi hədiyyədən vaz keçdi.»

 

 

 

Nazim Əkbərov


     Peyğəmbərimizin (səs) övlad sevgisi
     700 illik qızıl öyüd
     Daha gözəl yaşamağın yeddi qızıl öyüdü
     Günəş və külək
     "Oğuznamə"lərdə müdriklik və onların pedaqoji əhəmiyyəti

Copyright © CAG  2005-2007   |  www.cag.edu.az