|

İnsanların
könüllərini fəth etmək üçün ən qısa yol sevgi yoludur. Bu yolla
gedənlərin üzlərinə qapılar qapanmaz! Gözlənilmədən biri qapansa belə,
onun yerinə yüzlərlə, minlərlə qapılar açılar. Bir də sevgi yolu ilə
könüllərə girildimi, artıq həll olunmayan məsələ qalmaz.
Sevgi
dünyaya gələn hər varlıqda ən əsas bir ünsür, ən parlaq bir nur, ən
böyük bir gücdür və bu gücün yer üzündə qalib gələ bilməyəcəyi heç bir
düşmən yoxdur. Əvvəla, sevgi bütünləşə bildiyi hər kəsi ucaldar və
əbədiyyətə hazırlayar. Sonra da, bu adamlar sonsuzluq naminə doyub
duyduqları şeyləri bütün könüllərə hakim qılmağın qaranlıq
labirintlərindən xilas ola bilmədikləri üçün nəinki heç kəsi sevə bilməz,
hətta, sevginin özünü belə sezə bilməz və varlığın sinəsindəki
məhəbbətdən xəbərsiz olaraq qəhr olub gedərlər.
Körpə ilk dəfə dünyaya gözlərini açanda sevgi ilə qarşılaşır,
şəfqətlə qucaq açmış adamları görür və məhəbbətlə döyünən
qəlblərə arxayın olaraq böyüyür. Daha sonra isə bu sevgini bəzən tapar,
lakin bütün bir həyat boyunca həmişə o sevgini axtarar və onun arxasınca
qaçar.
Günəşin çöhrəsində sevginin izləri var. Sular buxar-buxar o
sevgiyə doğru yüksəlir, yuxarılarda damlalaşan su zərrələri o sevgi ilə
qanadlanır və nərə çəkərək başıaşağı toprağın bağrına enirlər.Güllər,
çiçəklər sevgi ilə boylanır və gəlib kçənlərə təbəssümlər
yağdırarlar.Yarpaqların bağrında taxt quran jalələr dayanmadan
ətraflarına sevgi dolu qəmzə satır və sevgi ilə rəqs edirlər. Qoyun-quzu
sevgi ilə mələşir, quşlar sevgi ilə civildəşir və sevgi xoru edirlər.
Hər varlıq kainatdakı yerinə görə bu geniş sevginin bir
parçasını parlaq bir simfoniya kimi səsləndirir, iradi və qeyri-iradi
varlığın sinəsindəki dərin eşq və məhəbbəti göstərməyə çalışır.
Sevgi insan ruhunda elə dərin izlər buraxır ki, o uğurda
yurd-yuva tərk edilir, ocaqlar sönür və hər vadidə başqa bir Məcnun “Leyli!”
deyib inləyər.Ruhundakı sevgini qavraya bilməmiş dar düşüncəlilər isə bu
işə “dəlilik” deyərlər!
Humanistlik və başqaları üçün yaşamaq insan oğluna aid
yüksək bir duyğudur və qaynağı da sevgidir. İnsanlar arasında bu
sevgidən ən çox pay alanlar ən böyük qəhrəmanlardır. İçindəki kini,
nifrəti söküb atmağa müvəffəq olmuş ən böyük qəhrəmanlar… Ölüm bu
qəhrəmanların nəfəslərini kəsə bilməz. Xəzan onların çiçəklərini soldura
bilməz. Əslində, hər gün daxili aləmlərində ayrı bir sevgi məşəli
alovlandırıb qəlblərini sevginin, mürüvvətin yuvasına çevirən və hiss
aləmlərində açdıqları yollar və tunellərlə bütün könüllərə girməyi
bacaran bu nəhəng şəxsiyyətlər elə yüksək bir divandan əbədi yaşama
haqqını alıblar ki, nəinki ölüm və fanilik, qiyamətlər belə onların
çiçəklərini soldura bilməz və qədəhlərini aşırıb sala bilməz.
Övladı üçün ölməyi bacaran ana böyük bir şəfqət qəhrəmanı,
ölkəsi və xalqı üçün həyatını əhəmiyyətsiz görən fərd bir millət fadaisi,
insanlıq üçün yaşayıb onun üçün ölən qəhrəman isə könüllərdə taxt
qurmağa haqq qazanmış bir ölümsüzlük abidəsidir. Belələrinin əlində
sevgi hər düşməni məğlub edə biləcək silah, hər qapını aça bilən sehirli
açardır. Bu silah və açara sahib olanlar bü gün olmasa da, sabah mütləq
bütün cahanın qapılarını açacaq və əllərində məhəbbət məşəlləri ilə dörd
bir yana səadət nuru saçacaqlar.
İnsanların könüllərini fəth etmək üçün ən qısa yol sevgi
yoludur. Bu yolla gedənlərin üzlərinə qapılar qapanmaz! Gözlənilmədən
biri qapansa belə, onun yerinə yüzlərlə, min lərlə qapılar açılar. Bir
də sevgi yolu ilə könüllərə girildimi, artıq həll olunmayan məsələ
qalmaz.
Nə xoşbəxtdir sevgini özünə rəhbər seçib yola düşənlər!
Təəssüflər olsun, ruhundakı sevgini sezə bilməyib bütün bir həyat boyu
kör və sağır yaşayan bədbəxtlərə! |